Qazaxda yeni tikilən məktəbdə son tamamlanma işləri görülür
Qazax, 17 avqust, Elcan Məmmədov, AZƏRTAC
Qazax rayonunda tikilən 220 yerlik Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün inşa edilən yeni binada son tamamlanma işləri aparılır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ötən ilin yanvar ayından tikintisinə start verilən məktəb binası 2 mərtəbədən ibarətdir. Məktəbdə içməli su anbarı, yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası inşa edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən, Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və ya tikilməsi nəzərdə tutulub. Heydər Əliyev Fondu tərəfindən reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur.