QAZAXISTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndi.
Qazaxıstanın Bakıdakı səfiri Andar Şukputov mərasimdə çıxışında bildirdi ki, 15 il əvvəl respublikanın Ali Soveti ölkənin müstəqilliyi haqqında
Konstitusiya Qanunu qəbul etmişdir.
Səfir dedi: “Bu günlərdə Qazaxıstanda daha bir ildönümü – 1986-cı ilin dekabrında Almatıda baş vermiş hadisələrin 20 illiyi də qeyd olunur. Bu, əslində, keçmiş SSRİ respublikalarının müstəqillik uğrunda mübarizəsinin başlanğıcı idi. Ötən dövr ərzində müstəqil Qazaxıstan onilliklərə bərabər yol keçmişdir və hazırda dünya birliyində layiqli yer tutur, ən dinamik inkişaf edən beş ölkə sırasına daxildir. Biz qısa müddətdə yeni paytaxt – Astana şəhərini tikdik. Hazırda Qazaxıstan sürətli inkişafının yeni dövrünə qədəm qoymuşdur və dünyanın 50 ən rəqabətqabiliyyətli ölkəsi sırasına daxildir”.
A.Şukputov bildirdi ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Təsadüfi deyil ki, son üç ildə Azərbaycan dövlətinin başçısı üç dəfə Qazaxıstanda olmuşdur. İkitərəfli münasibətlər ildən-ilə inkişaf edir. Cari ilin iyununda Almatıda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli haqqında iki ölkə prezidentlərinin imzaladıqları saziş bunun təsdiqidir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını yetirdi. O dedi ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olub, bu münasibətlər müstəqillik qazanıldıqdan sonra intensiv inkişaf etməyə başlamışdır. Prezident Nursultan Nazarbayevin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi dostluq münasibətləri bu əlaqələrin formalaşmasında mühüm rol oynamışdır.
Ziyafət Əsgərov səfir Andar Şukputovu Qazaxıstanın yüksək mükafatı – “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik etdi.
Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.