QAZAXISTANIN VƏ AZƏRBAYCANIN PARLAMENTLƏRARASI MÜNASİBƏTLƏRİ DAHA YÜKSƏK SƏVİYYƏDƏ OLMALIDIR
Bunu Milli Məclisin sədri Murtuz Ələsgərov dekabrın 6-da Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Andar Şukputovu qəbul edərkən bildirmişdir.
Milli Məclisin sədri səfiri yeni təyinatı və öz etimadnaməsini Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etməsi münasibətilə təbrik edərək, əmin olduğunu söylədi ki, o, ikitərəfli münasibətlərin, eləcə də parlamentlərarası münasibətlərin daha da inkişaf etməsi üçün var qüvvə ilə çalışacaqdır. Parlamentin sədri iqtisadi əlaqələrin genişlənməsindən danışaraq dedi ki, indi Londonda ölkələrimizin nümayəndə heyətləri Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli məsələlərinə dair danışıqlar aparırlar və hesab edirəm ki, bu danışıqlar uğurla başa çatacaqdır.
Milli Məclisin sədri ölkədə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar üzərində də dayanaraq, Azərbaycanın beynəlxalq strukturlara fəal inteqrasiya etdiyini vurğuladı. O nəzərə çarpdırdı ki, Azərbaycan və Qazaxıstan parlamentlərinin deputatları mötəbər beynəlxalq təşkilatlarda əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salaınmasında qazax dostlarımızın dəstəyi bizə xüsusilə gərəkdir. Murtuz Ələsgərov bildirdi ki, Azərbaycan parlament nümayəndə heyətinin bu yaxınlarda Ukraynaya səfəri zamanı həmin ölkənin qanunvericilik orqanının nümayəndələri Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini bir daha açıqladılar və iki dövlətin parlament sədrləri arasında imzalanmış rəsmi məlumatda respublikamızın ərazi bütövlüyünə hörmət bəsləndiyi xüsusi vurğulanmışdır.
Andar Şukputov Qazaxıstanın və Azərbaycanın parlamentlərarası münasibətlərinin kifayət qədər inkişaf etməməsi fikiri ilə razılaşaraq dedi ki, səfir kimi o, qanunvericilik orqanları arasında əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Səfir həmçinin bildirdi ki, Qazaxıstan ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və şəxsən onun özü ATƏT-in Minsk qrupunun fəaliyyətinin hələlik səmərəsiz olduğu barədə Azərbaycan rəhbərliyinin mövqeyi ilə razıdır.
Qazaxıstan səfiri ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafından ətraflı söz açaraq vurğuladı ki, onun ölkəsinin rəhbərliyi Bakı-Tbilisi-Ceyhan layihəsini Qazaxıstan neftinin nəqli üçün ən ciddi variantlardan biri kimi qiymətləndirir. İstanbul bəyannaməsini Qazaxıstan dövləti başçısının da imzalaması buna sübutdur.
Qəbulda iştirak edən Qazaxıstan parlamentinin deputatı U.Kalijan öz ölkəsinin qanunvericilik orqanı sədrinin məktubunu Murtuz Ələsgərova təqdim etdi. Məktubda Milli Məclisin sədri Qazaxıstana rəsmi səfərə dəvət olunur.