Qazaxıstanlı opera müğənnisi Zarina Altınbayeva Rostropoviçlərin ev-muzeyini ziyarət edib
Bakı, 30 iyun, AZƏRTAC
Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində Qazaxıstanın tanınmış opera müğənnisi, Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının aparıcı solisti Zarina Altınbayeva və onu müşayiət edən qonaqlar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, pianoçu, professor Yeganə Axundova ilə birlikdə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin qonağı olublar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlar muzeyin ekspozisiyası, Rostropoviçlər ailəsinin həyatı və yaradıcılığı ilə yaxından tanış olublar. Muzeydən xoş təəssüratla ayrılaraq buradakı səmimi münasibəti yüksək qiymətləndiriblər.
Sonda Zarina Altınbayevaya Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ingilis dilində ərsəyə gələn “Azərbaycan bəstəkarlarının Violonçel və fortepiano üçün əsərlərindən ibarət toplu” təqdim olunub.