Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri istehsalat təlimlərinə cəlb olunublar
Qəbələ, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı üzrə mərkəzdə “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrin rayonda fəaliyyət göstərən “Savalan ASPİ Winery” MMC şirkətində istehsalat təlimləri davam edir.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tələbələr növbəli olaraq iş rejiminə cəlb olunublar. Onlar müəssisənin əməkdaşları tərəfindən təhlükəsizlik qaydaları barədə təlimatlandırılıb, iş rejimi ilə tanış olublar. İstehsalat təlimləri müəssisənin daxili iş planı üzrə keçirilir. Tələbələr müəssisədə şərabçılığın bütün texnoloji proseslərini, o cümlədən etiketləmə, paketləmə və qablaşdırma işlərini həvəslə öyrənirlər.
Qeyd edək ki, istehsalat təlimlərində fəal iştirak edən tələbələr işəgötürənlər tərəfindən müvafiq işlə təmin olunurlar.