Qəbələ gəncləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar
Qəbələ, 31 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələli gənclər 2 fevral - Azərbaycan Gəncləri Gününü böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar gün münasibətilə yanvarın 31-də Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində gənclərin ümumrayon toplantısı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayonun fəal gənclərinin iştirak etdiyi tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, müasir həyatımızda gənclərin böyük qüvvəyə malik olduğunu, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ fikirli gənclərin yetişdiyini diqqətə çatdırıb. Bildirilib ki, düzgün qurulmuş ideya-siyasi işin nəticəsində bu gün Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyev siyasətini ardıcıl şəkildə həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Ulu Öndərin ideyalarını qoruyur, inkişaf etdirir və ölkəmizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Absalam Hüseynov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu bayramın gənclərə Ulu Öndər tərəfindən ərməğan olunduğunu vurğulayıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər mükafatlandırılıblar.