İDMAN
“Qəbələ” komandası İzmirdə “Krasnodar”a qalib gəlib
Bakı, 18 aprel, AZƏRTAC
Türkiyədə 12 yaşadək futbolçular arasında təşkil olunan “İzmir Cup” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” turnirin son günündə 4 oyun keçirib.
“Qırmızı-qaralar” 17-24-cü yerlər uğrunda mübarizədə “B” qrupunda çıxış edib. Komandamız əvvəlcə Elmir Hüseynlinin qolu ilə “Şiltiqeym”ə qalib gəlib -1:0. Ardınca “Hamborn”la qarşılaşan Zaur Hacıyevin yetirmələri 2:1 hesablı qələbə əldə ediblər. Rəqib qapısına qolları Eşqin Əhmədov və Məhəmməd Fahlulov vurublar. Qrupdakı son matçında “Tuzlaspor”la qolsuz heç-heçə edən komandamız 1-ci yeri tutub. Bu, “qırmızı-qaralar”a 17-ci yer uğrunda matçda oynamaq imkanı verib. Son matçında “Krasnodar”la görüşən “Qəbələ” 2:1 hesablı qələbə qazanıb. Murad Ələkbərov və Elmir Hüseynlinin qolları komandamızı yekun sıralamada 17-ci olması üçün kifayət edib.
Beləliklə, 3 gün ərzində 15 oyun keçirən “Qəbələ” İzmirdə 8 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə məğlub olub. 18 qol vuran komandamız 9 top buraxıb.