“Qəbələ” komandasının baş məşqçisi: oyunda yaxşı nəticə əldə etməyə çalışmalıyıq
Bakı, 17 sentyabr, AZƏRTAC
Biz Yunanıstan klubu ilə oyunda yaxşı nəticə əldə etməyə çalışmalıyıq. İlk turdakı rəqibimiz olan “PAOK” komandasını yaxşı təhlil etmişik. Bu klub haqqında hər şeyi bilirik. Bu komandaya baş məşqçinin yeni gəldiyini nəzərə alırıq. Onlar komandanı formalaşdırmaq üçün hələ axtarışlarını davam etdirir. Hələlik əldə etdiyimiz məlumatla kifayətlənsək də, yeniliklər olacağına da hazırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunun “Qəbələ” (Azərbaycan) - “PAOK” (Yunanıstan) komandalarının oyunundan əvvəl komandamızın baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis bildirib: “UEFA Avropa Liqasından əvvəl komandamızda yeni oyunçular olduğundan bizə zaman lazım idi. Çünki bu müddətdə oyunçular bir-birini yaxşı başa düşəcəkdi. İndi komandamız əvvəlkindən daha hazırlıqlı vəziyyətdədir. Düşünürəm ki, Yunanıstan klubları ilə oynayarkən köklənmədə fərq yoxdur. Pley-offda mərhələ adlamaq üçün oynayırdıqsa, qrupda xal qazanmaq üçün mübarizə aparacağıq. Komandamızda müdafiəçi Rafael Santosdan başqa hər kəs qarşılaşmaya hazırdır. Həm daxili yarışlarda, həm də beynəlxalq miqyasda uğurlu çıxış etmək üçün klubun heyətini mərkəz müdafiəçisi transfer edərək gücləndirmişik”.
Baş məşqçisi qeyd edib ki, ümumiyyətlə, biz üç oyunu səfərdə, üçünü isə öz meydanımızda oynayacağıq. “Borussiya” (Almaniya) və “Tottenhem” (İngiltərə) kimi böyük komandaların Bakıya gəlməsi Azərbaycan futbolu üçün də əsl bayram olacaq.
Qeyd edək ki, “Qəbələ” - “PAOK” kollektivlərinin oyunu sentyabrın 17-də saat 22:00-da başlayacaq.