Qəbələdə 50 min nəfərdən çox sakin tibbi müayinədən keçirilmişdir
Qəbələ, 23 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a bildirmişlər ki, fevralın 17-dən başlayan dispanserləşdirmə işlərinin mayın 1-dək başa çatdırılması nəzərdə tutulur. Bu məqsədlə rayonda hər cür şərait yaradılmış, tibb ocaqları lazımi avadanlıqla təchiz edilmişdir.
Müayinələr rayon mərkəzi xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qrafik əsasında müayinə edir, zərurət yarandıqda onlar müalicəyə cəlb olunurlar.
Aprelin 23-dək rayonda 50563 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Onlardan 3764 nəfəri ambulator, 115 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 114 nəfər isə müayinə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir. Artıq rayonun 43 yaşayış məntəqəsində dispanserləşdirmə işləri yekunlaşdırılmışdır. Hazırda əhalinin müayinəsi ilə bağlı ərazilərdə 60 həkim briqadası fəaliyyət göstərir.