Qəbələdə “Region gənclərinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilib
Qəbələ, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 25-də Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İrəli” İctimai Birliyinin “Region gənclərinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən təlimdə 30 nəfər gənc iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığını təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfə verməkdən ibarətdir.
Tədbiri rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov açaraq təlimin keçirilməsinin məqsədi barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində keçirilən təlimlərdən respublikanın 8 şəhər və rayonunda ümumilikdə 200-dək gənc faydalanacaq.
“İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov çıxış edərək, təşkilatın həyata keçirdiyi layihələrdən danışıb, bugünkü təlimin rayon gənclərinin inkişafı və onların fəallığının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra “İrəli” İctimai Birliyinin əməkdaşları Zümrüd Musayeva, Sara Şükürova və Fazil Fərəcov gənclərə “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər” və “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda təlimlər keçiblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.