Qəbələdə şəhid Əsəd Zeynallının xatirəsi anılıb
Qəbələ, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsində canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də rayonun Seyidqışlaq kəndindən olan Əsəd Zeynallıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar avqustun 12-də Qəbələ Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ rayon şöbəsinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Əsəd Zeynallının məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Əsədin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.