RƏSMİ XRONİKA
QƏBƏLƏDƏ SÜD EMALI ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Qəbələdə süd emalı zavodu istifadəyə verilmişdir.
Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev zavoda gəldi.
Dövlətimizin başçısı zavodu işə saldı və müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, 2007-ci ilin martında tikintisinə başlanılmış müəssisəyə avadanlıqla birlikdə 3,5 milyon manat xərclənmişdir. Sutkada 10 ton süd emal etmək gücündə olan müəssisədə pendir, kəsmik, yağ, ayran və s. süd məhsulları istehsal edilir.
“Gilan Holdinq” şirkətlər qrupuna daxil olan zavodda Türkiyə və Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılmış, 35 nəfər işlə təmin olunmuşdur. Alınmış 14 süddaşıyan maşından 3-ü bu müəssisəyə, qalanları isə digər rayonlarda fəaliyyət göstərən süd emalı müəssisələrinə veriləcəkdir.
Prezident İlham Əliyev ayrı-ayrı sexləri gəzdi, məhsulların qablaşdırılması prosesini izlədi.
Dövlətimizin başçısı ölkəmizin kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə olunduğunu bildirdi, yeni zavodun məhsullarının xarici bazara da çıxarılmasını tövsiyə etdi.
######