MƏDƏNİYYƏT
Qəbələdə “Xəmsə” milli intellektual oyunu üzrə zona yarışı keçirilmişdir
Qəbələ, 11 aprel (AZƏRTAC). Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə VI Azərbaycan çempionatının zona seçim mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin İntellektual İnkişafı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirməsindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, “Xəmsə” milli intellektual oyununun keçirilməsinin əsas məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Ölkə çempionatının zona seçim turunda yaşı 18-dən 29-dək olan Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının komandaları öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar.
Yarışın yekununda Zaqatala rayonunun komandası I, oğuzlular II yer və Qəbələ rayon komandası III yerləri tutmuşlar.
Hər üç komanda Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.