REGİONLAR
Qəbələdə Zəfər Gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Qəbələ, 2 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı inşa yazı müsabiqəsinə yekun vurulub. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərini təmsil edən yeniyetmə və gənclər iştirak ediblər.
Qəbələ rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, noyabrın 2-də Qəbələ Mədəniyyət Mərkəzində müsabiqənin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov açaraq müsabiqə iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova çıxışlarında müsabiqənin əsas məqsədinin yeniyetmə və gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasına töhfə vermək olduğunu diqqətə çatdırıblar.
Müsabiqənin yekun nəticələrinə əsasən, Mənsurə Baxışlı birinci yerə layiq görülüb. Sonrakı yerləri Səbinə Vəliyeva və Mətin Ağazadə tutublar.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.