QƏBƏLƏNİN TORPAQ MÜLKİYYƏTÇİLƏRİ DÖVLƏT YARDIMINI RAZILIQLA QARŞILAYIRLAR
Qəbələ, 7 iyul (AZƏRTAC). Qəbələ Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Prezident İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli Sərəncamı yerlərdə uğurla icra olunur.
Cari ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi ilə bağlı Qəbələ rayon komissiyası kənd ərazi komissiyaları tərəfindən təqdim edilmiş sənədlərə baxmış və onları respublika komissiyasına göndərmişdir.
Rayonda 21 min 70 hektar buğda əkininə görə torpaq mülkiyyətçilərinə 842 min manat vəsait hesablanmışdır. Bununla əlaqədar Maliyyə Nazirliyinin ayırdığı vəsait “Kapital Bank” ASC Qəbələ rayon şöbəsinin hesabına köçürülmüş və plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır.
Bundan əlavə, cari ildə Qəbələnin torpaq istifadəçilərinə buğda və yazlıq bitkilər əkininə görə dövlət yardımı da veriləcəkdir. Rayon komissiyası 3 min 612 nəfər kənd təsərrüfatı işçisinə 27 min 352 hektar əkin sahəsinin becərilməsinə görə əlavə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına və “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması barədə” dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydalarının təsdiq edilməsi məqsədi ilə Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarına əsasən 1 milyon 94 min manat yardım hesablamış və sənədləri respublika komissiyasına təqdim etmişdir.
Vəsaitin gələn aydan başlanılaraq plastik kartlar vasitəsilə sahiblərinə çatdırılması gözlənilir.