REGİONLAR
Qəbul imtahanlarında yüksək nəticə göstərən şəkili gənclər mükafatlandırılıblar
Şəki, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 12-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Şəki rayonunun ümumtəhsil müəssisələri üzrə buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Regional İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Şəki rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları və yüksək balla ali məktəblərə daxil olan gənclər iştirak ediblər.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tələbə adını qazanan məzunları təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmələrini arzulayıb. Diqqətə çatdırılıb ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində bu il regionun təhsil ocaqlarının məzunları ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanıblar.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, tələbə adını qazanmış məzunları təbrik edib, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.
Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev tələbə adını qazanmış məzunlara dövlətimizin daha da qüdrətlənməsi və inkişafı üçün təhsil alacaqları təhsil müəssisələrində yüksək biliklər qazanmalarını tövsiyə edib.
Qəbul imtahanlarında Şəki rayonu üzrə ən yüksək nəticə göstərən rayonun Baş Şabalıd kənd tam orta məktəbinin məzunu Ümman Məmmədov təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda yüksək nəticə göstərən məzunlara fəxri fərman və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Şəki rayonu üzrə ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1251 məzundan 800 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 163 nəfəri 500-700 bal arası, o cümlədən 51 nəfər 600 baldan yuxarı nəticə göstərib.