MƏDƏNİYYƏT
Qəhrəman döyüşçünün yeni fotoşəkilləri muzeyə təqdim edilib
![](/files/galleryphoto/2020/2/1200x630/1588596812487001019_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15885968125241262005_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15885968125881735198_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1588596893389432728_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası dövründə fəaliyyətini onlayn şəkildə davam etdirən İstiqlal Muzeyi “Azərbaycanın qızıl ulduzları” və “Qələbə naminə” layihələri çərçivəsində İkinci Dünya müharibəsində iştirak etmiş həmvətənlərimizi tanıtmaqla yanaşı onlara məxsus eksponatları ekskursiya iştirakçılarına təqdim edir, müxtəlif videotəqdimatlar hazırlayır.
AZƏRTAC xəbər verir ki, alman faşizm üzərində qələbənin 75-ci il dönümü ilə əlaqədar muzeyə maraqlı eksponat daxil olub.
Muzeyin əməkdaşları Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovun yaşadığı Tovuz rayonundakı evinə baş çəkib və qəhrəmanın oğlu Mehdi Sadıqovla görüşüb söhbət ediblər. Atasının layiq görüldüyü medalları haqda danışan M.Sadıqov deyib ki, müharibə zamanı Yusif Sadıqovun diviziya komandiri Aleksey Dobrov 1978-ci ildə döyüş dostunun məzarını ziyarət etmək üçün yaşadığı Tula şəhərindən Tovuz rayonuna gəlib. Onun verdiyi məlumata görə, Dobrov bir neçə dəfə döyüş dostunu tapmaq üçün hərbi komissarlıqlara sorğu göndərsə də, adını düzgün yazmadığına görə, onu tapmaq vaxt aparıb. Tapanda isə Yusif Sadıqov həyatda deyilmiş. Bununla belə o, cəbhə dostunun məzarını ziyarət etmək üçün Tovuza gəlib və on gün Azərbaycanda qalıb.
Qəhrəmanın oğlu atasının bir neçə fotoşəklini, o cümlədən komandiri Dobrov ilə birgə çəkilmiş və onun tərəfindən arxası yazılmış imzalı şəklini İstiqlal Muzeyinə hədiyyə edib.