ELM VƏ TƏHSİL
Qəhrəman oğulların Vətən sevgisindən bəhs olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 83 nömrəli məktəb-liseydə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, əvvəlcə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına malik qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 2020-ci il noyabrın 8-nin tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərdiyi Vətən müharibəsi, lokal antiterror tədbirləri və ordumuzun dünya hərb tarixində açdığı yeni səhifənin təbliği, gələcək nəsillərə tanıdılması üçün hər kəs öz cəbhəsində töhfələr verməyə çalışır.
Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarması və xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz Qələbəsinin Prezident İlham Əliyevin Sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu diqqətə çatdırıb.
Şəhid anaları şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər. Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildiriblər.
Tədbir şagirdlərin ifasında şanlı Zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.