Qəhvəyi mərmər bağacığının ölkədə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ötən dövrü ərzində Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6 min 12 ədəd feromon tələ asılıb. Qəhvəyi mərmər bağacığının sirayətlənmə dinamikasını izləmək və ona qarşı aparılacaq mübarizə tədbirlərini vaxtında həyata keçirmək məqsədilə həmin feromon tələlərə təkrar baxış zamanı 46 yaşayış məntəqəsində zərərvericilər müşahidə olunub. Aşkarlanan zərərvericilər toplanaraq mexaniki məhv edilib. Hazırda AQTA və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən qəhvəyi mərmər bağacığının kütləvi toplaşdığı yerlərdə lokal kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Həmçinin respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə cari ilin oktyabrından Mazımqara sərhəd-buraxılış məntəqəsində (Balakən) nəqliyyat vasitələrinin dezinseksiyasına başlanılıb.
Qeyd edilib ki, havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar hazırda qəhvəyi mərmər bağacığının yaşayış məntəqələri ətrafında toplanması müşahidə olunur. Zərərvericilər qışlamaq üçün sığınacaqlar axtarır. Bu da qəhvəyi mərmər bağacığının asanlıqla məhv edilməsinə zəmin yaradır. Eləcə də bu dövrdə qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri üçün heç bir təhlükəsi olmur.
Vurğulanıb ki, kifayət qədər maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də bəzi hallarda zərərvericinin bitkidə zədəsi digər zərərli orqanizmlərin zədəsi ilə səhv salınır. Ona görə də, təsərrüfat sahiblərinə bitki üzərində zədə əlamətləri aşkar etdikdə, mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur.