Qərbi Afrikada Ebola virusunun törətdiyi epidemiya nəzarətdən çıxır
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Prezidenti Barak Obama bu fikri Xəstəliklərə Nəzarət və onların profilaktikası Mərkəzinin yerləşdiyi Atlanta şəhərindəki çıxışında ifadə edib.
Qeyd edilib ki, Afrikada Ebola virusu epidemiyası misilsiz miqyas alıb. B.Obama deyib: “Epidemiya kəskinləşir və nəzarətdən çıxır, vəziyyət pisləşir, xəstəlik get-gedə daha sürətlə yayılır. Minlərlə insan bu virusa yoluxub, xəstələrin sayı sürətlə arta bilər. Əldə olan məlumata görə bu xəstəlikdən 2400-dən çox kişi, qadın və uşaq ölüb. Real rəqəmlərin daha yüksək olduğunu güman etmək üçün ciddi əsaslar vardır. Virusun yayılması qlobal təhlükəsizliyə təhdid mənbəyinə çevrilə bilər. Bununla əlaqədar, ABŞ cavab tədbirlərinin intensivliyini artırmaq niyyətindədir”.
ABŞ lideri cavab tədbirləri sırasında Qərbi Afrika ölkələrinin hakimiyyət orqanlarına kömək səylərinin əlaqələndirilməsi üçün Liberiyada yaradılacaq hərbi komanda mərkəzini misal göstərib. Bu Mərkəzə ABŞ-ın Afrikadakı quru qoşunlarının komandanı, amerikalı general, Derril Uilyams başçılıq edəcək.
Obama administrasiyasının nümayəndələri bundan əvvəl də bildirmişdilər ki, Vaşinqton Qərbi Afrikanın bir sıra ölkələrinə tibbi və logistik yardım göstərilməsi üçün oraya 3 min hərbi qulluqçu göndərəcəkdir. Regionda 17 səhra hospitalı təşkil edilməsi planlaşdırılır.
Barak Obama vurğulayıb ki, Afrikadakı epidemiya ABŞ üçün birbaşa təhlükə doğurmur.
Qeyd edək ki, Bill Qeyts də bu ölümcül xəstəliklə mübarizəyə öz töhfəsini verməyi qərara alıb. O, epidemiyanı aradan qaldırmaq üçün 50 milyon dollar ayırmağı planlaşdırır.