Qətərin Suriya məsələsində mövqeyi Ərəb Liqasından fərqlənib
Bakı, 8 may, AZƏRTAC
Ərəb Liqasının son iclasında Suriyanın ərəb ölkələri sırasına qayıtması məsələsinə müsbət rəy verilsə də, Qətər Dövləti Dəməşqin siyasəti ilə bağlı öz mövqeyini dəyişmədiyini bəyan edib.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari Dohanın Suriya ilə bağı əvvəlki mövqeyində qaldığını, eyni zamanda, Ərəb Liqasının Dəməşqin ərəb ölkələri ailəsinə qayıtması ilə bağlı qərarına etiraz etmədiyini deyib. Onun sözlərinə görə, Suriya rəhbərliyi, il növbədə, ölkə daxilində sabiqlik yaratmalı, öz xalqının birliyini təmin etməlidir.
Ərəb Liqasının Suriya ilə bağlı qərarının bu ölkənin rəhbərliyini müsbət addımlar atmağa sövq edəcəyinə ümidvar olduğunu bildirən Qətər rəsmisi qeyd edib ki, ərəb dünyasının ən ağrılı problemlərindən olan bu məsələnin həlli Yaxın Şərq regionunda sülhə və sabitliyə töhfə ola bilər.
Qeyd edək ki, ötən həftənin bazar günü Qahirədə keçirilən Ərəb Liqasının iclasında ərəb ölkələrinin xarici işlər nazirləri Suriyanın bu təşkilatda üzvlüyünün bərpasına səs vermişdi. Bu məsələ mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək Ərəb Liqası sammitində dövlət başçıları səviyyəsində də müzakirə olunacaq.
Qətər Dövləti Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Bəşər Əsəd rejiminin əleyhinə çıxış edib və müxalifəti dəstəkləyib. Doha, həmçinin Suriya hökuməti ilə müxalifət arasında çoxsaylı danışıqlara ev sahibliyi edib, problemin sülh yolu ilə həllində mühüm rol oynayıb. Ərəb Liqasının Qahirədə keçirilən iclasından əvvəl Qətərin Baş naziri Muhammed bin Abdulrahman Al-Tani bildirmişdi ki, “Suriyanın Ərəb Liqasında üzvlüyünün dayandırılması səbəbləri indi də aradan qalxmayıb, eyni zamanda, biz münaqişənin dinc yolla həllinin Suriya xalqının daxili işi olduğunu bəyan edirik”.