Qida Təhlükəsizliyi Agentliyi istixana kompleksində monitorinq keçirib
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərindəki monitorinqlər çərçivəsində mayın 30-da “Azərsun Holdinq”ə məxsus “Green Tech” MMC-də istixana kompleksinə baxış keçiriblər.
Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildirilib ki, monitorinq zamanı istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qarşıya qoyulan tələblər barədə geniş məlumat verilib. Bildirilib ki, 2018-ci il iyulun 1-dən etibarən agentlik qida təhlükəsizliyi qeydiyyatı, bu sahədə dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər istiqamətlərində fəaliyyəti həyata keçirəcək.
Agentliyin mütəxəssisləri monitorinq zamanı müəssisə əməkdaşlarına qida zəncirinin bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirərək onlara məlumatverici təlimatlar təqdim ediblər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəssisələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə maarifləndirici monitorinqlərə başlayıb.