Qida təhlükəsizliyinə dair yeni sanitariya norma və qaydalar müzakirə olunub
Bakı, 11 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun SOVQAT layihəsi çərçivəsində keçirilən növbəti “Peşəkarlarla görüş” saatında bu ilin aprelindən qüvvəyə minən qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktlar müzakirə olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn görüşdə iştirakçılar qida təhlükəsizliyinə dair yeni qəbul edilən sanitariya norma və qaydaları ilə əlaqədar ətraflı məlumatlandırılıblar. Bildirilib ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” “Yeyinti məhsulları haqqında” Qanun, “Avropa Birliyinin “Qida məhsullarının gigiyenası” normativ sənədi, eləcə də Kodeks Alimentarius Komissiyasının “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.
Qeyd olunub ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida gigiyenasının vacib prinsiplərini müəyyənləşdirəcək və qida zəncirinin bütün mərhələsində məhsulların təhlükəsizliyinə və yararlılığına nail olunmasına şərait yaradacaq. Yeni qaydalar bir sıra prinsiplərə uyğun olaraq, qida məhsulları üzrə sanitariya norma və tələblərini müəyyən edir. Həmin prinsiplər qida zəncirinin bütün mərhələsində məhsulların təhlükəsizliyinin və yararlılığının, ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi), eləcə də həyat və sağlamlığa mümkün təhlükənin qarşısının alınmasının və qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasından ibarətdir.
Qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə yenidən hazırlanan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya norma və qaydaları”nın əhəmiyyəti, eləcə də qida təhlükəsizliyinə dair digər yeni tələb və qaydalar barədə sahibkarlara ətraflı məlumat verilib.
Görüşdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida Təhlükəsizliyi Anlayışının Tətbiqi layihəsinin üstünlükləri barədə bəhs olunarkən bildirilib ki, layihənin əsas məqsədi qida məhsullarının “tarladan süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Görüş iştirakçılarının qida obyektlərinə dair gigiyena tələbləri barədə sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.