SİYASƏT
Qırğızıstan ilə TürkPA arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir
Bişkek, 11 noyabr (AZƏRTAC). Qırğızıstan parlamenti - Joqorku Keneşiin mətbuat xidmətinin verdiyi məlumata görə bu qurumun sədri Asılbek Jeenbekov Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanovla görüşmüşdür.
A.Jeenbekov J.Asanovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş, ona bu işdə uğurlar arzulamış, yaxın gələcəkdə Qırğızıstan ilə TürkPA arasında əməkdaşlığın əsas istiqamətləri haqqında məlumat vermişdir. Onun sözlərinə görə Qırğızıstan TürkPA-nın üzvü olan ölkələrlə əlaqələrin dərinləşdirilməsinə mühüm əhəmiyyət verir və TürkPA parlamentlərarası əməkdaşlığın genişlənməsində də səmərəli struktur olmalıdır.
TürkPA-nın baş katibi Katibliyin planları haqqında məlumat vermiş, üzv dövlətlər arasında əlaqələrin dərinləşdirilməsi ilə bağlı görüləcək işlərdən danışmışdır.
Tərəflər TürkPA-nın üzvü olan ölkələr arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparmış, qurumun fəaliyyətinin təkmilləşdirilməsi mexanizmlərini müzakirə etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek