Qırx beş il əvvəl ölkəmizin tarixində yeni mərhələ başlanmışdır
Ağcabədi, 14 iyul (AZƏRTAC, Tahir Ağaməmmədov). Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə tədbir keçirildi.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül-çiçək düzdü, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışdı, 1969-cu il iyulun 14-də Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişini ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirdilər.
Bildirildi ki, 1970-1982-ci illərdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikanın digər regionları kimi, Ağcabədi də iqtisadi inkişafa nail oldu. Bu illərdə rayonda taxıl istehsalı 2,9, pambıq istehsalı 4,4, bostan məhsulları istehsalı 20,9, ət istehsalı 5, süd istehsalı 4 dəfə artdı, Ağcabədi respublikada ən çox pambıq istehsal edən rayonlardan biri oldu.
Diqqətə çatdırıldı ki, Ümummilli Lider Azərbaycana rəhbərliyinin birinci dövründə dörd dəfə - 1970-ci, 1974-cü, 1978-ci və 1982-ci illərdə Ağcabədi rayonunda olmuş, zəhmət adamları ilə görüşmüşdür. Bu dövrdə Ağcabədi rayonunda 8736 şagird yerlik orta məktəb binaları, şahmat məktəbi, 8 məktəbəqədər tədris müəssisəsi, 50 çarpayılıq uşaq xəstəxanası, 295 çarpayılıq 8 kənd xəstəxanası, kinoteatr binası, şəhər incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, pambıqtəmizləmə zavodu, istehsal müəssisələri tikilib istifadəyə verilmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə ikinci gəlişinin Azərbaycanın qurtuluş dövrü kimi tariximizə yazıldığını qeyd edən natiqlər dahi rəhbərin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, ölkənin beynəlxalq aləmə inteqrasiyası sahəsindəki fəaliyyətindən danışdı, hazırda bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar.