Qızılkilsə məbədində aşkar edilən Urartu kitabəsi: II Argiştinin sirri
Bakı, 22 sentyabr, AZƏRTAC
AMEA-da keçirilən konfransda Qərbi Azərbaycan ərazisində yerləşən tarixi abidələrin tədqiqi zamanı aşkar olunan epiqrafik materiallar və onların elmi əhəmiyyəti müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev Qərbi Azərbaycan ərazisində yerləşən Qızılkilsə abidəsi barədə məlumat verib. O bildirib ki, Qızılkilsə məbədi Qarakilsə rayonunun Cəmədli və Ərəbsə kəndləri arasında yerləşib. Alimin sözlərinə görə, yerli əhali həmin abidəni ziyarət edib.
R.Niftəliyev qeyd edib ki, 1975-ci ildə abidədə aparılan qazıntılar zamanı daş bloklardan birinin üzərində mixi yazılar aşkar olunub. Həmin yazını oxumaq üçün sovet dövrünün tanınmış urartuşünaslarından biri Nikolay Arutunyan dəvət edilib və kitabənin Urartu hökmdarı II Argiştinin kitabəsi olduğu müəyyənləşdirilib. II Argişti Urartunun zəiflədiyi dövrdə hakimiyyətə gəlib. Kitabə eradan əvvəl VIII əsrin sonlarına aid edilir. Bu kitabə Zəngəzur ərazisində aşkar edilmiş Urartu kitabəsi kimi xüsusi əhəmiyyət daşıyır və hazırda İrəvanda Ermənistan Dövlət Tarix Muzeyində saxlanılır. Kitabədə müxtəlif yer-yurd adları da çəkilir. Alimin sözlərinə görə, Dərələyəz, Zəngəzur və Naxçıvan ərazilərinin arxeoloji, epiqrafik və maddi-mədəni materialları arasında müəyyən yaxınlıqlar mövcuddur.
R.Niftəliyev Urartu mənbələrində Suluku ölkəsinin də qeyd edildiyini bildirib. Qeyd edib ki, qədim mənbələrdə kiçik yaşayış məskənlərinin və obaların ölkə kimi təqdim olunması hallarına rast gəlinir.
Alim, həmçinin Urartu dilində bəzi sözlərin Azərbaycan dilində işlənən sözlərlə səsləşməsinə diqqət çəkib və bu istiqamətdə araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayıb.