REGİONLAR
Qobustanın Nabır kəndindən olan şəhidin xatirəsi ehtiramla yad edilib
Qobustan, 2 noyabr, AZƏRTAC
Qobustan rayonunun Nabır kəndində Vətən müharibəsi şəhidi Bəxtiyar Bayramşah oğlu Məmmədovun anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçilərinin, kənd sakinlərinin, şəhidin yaxınlarının iştirak etdikləri mərasim şəhidin doğulub boya-başa çatdığı kənd qəbiristanlığında məzarı yanında olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar şəhidin məzarı üstünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda Bəxtiyar Məmmədovun şərəfli həyat yolundan xatirələr söylənilib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və 44 gündə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, bu Qələbə ilə ermənilərin “böyük Ermənistan” xülyaları boşa çıxarıldı, 30 il işğal altında olan torpaqlarımız azad edildi. İndi xalqımız Bəxtiyar və onun kimi şəhidlərimizin qanı, canı bahasına qazanılan Qələbənin birinci ildönümünə - Zəfər bayramına hazırlaşır.
Qeyd edək ki, Bəxtiyar Məmmədov 1996-cı il avqustun 16-da Qobustanın Nabır kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar sentyabrın 27-də işğalçılara qarşı döyüşlərə başlayıb. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərin ilk saatlarından qəhrəmancasına vuruşub, bir gün sonra, sentyabrın 28-də şəhid olub. Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.