QOHUMLAR ARASINDA NİKAH BİR ÇOX XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR
Ölkəmiz üçün aktual əhəmiyyət kəsb edən bir məsələ - qohumlar arasında nikah və onun reproduktiv sağlamlığa təsiri məsələsi BMT-nin Əhali Fondu ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşündə kəskin diskussiyaya səbəb olmuşdur.
Fondun reproduktiv sağlamlıq üzrə layihəsinin nümayəndələri görüşdə çıxış edərək bildirmişlər ki, qohumlar arasında nikahın ən yüksək səviyyəsi Fici adasında, - ümumən, nikahların 29,7 faizi,- qeydə alınmışdır. Ölkəmizdə bu göstərici 25 faiz, kənd yerlərində isə 65-70 faizdir. Odur ki, əhali arasında maarifləndirmə işi aparmaqla bu göstəriciləri aşağı salmaq və bu cür evlənmiş adamlar arasında talassemiya və malyariya kimi xəstəliklərin qarşısını almaq əsas vəzifədir. Respublikanın bəzi rayonalarında - Şəkidə, Qəbələdə, Kürdəmirdə talassemiya xəstəliyinin yayılma səviyyəsi 15 faizdir. Bundan əlavə, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur.
Reproduktiv sağlamlıq üzrə milli əlaqələndirici İzzət Şamxalova, Əhali Fondunun baş müşaviri Cəmilə Kərimova jurnalistlərin suallarına cavab verərək bildirmişlər ki, Ailə Planlaşdırılması Mərkəzində bu xəsstəliklərin diaqnostikasının metodları işlənib hazırlanmışdır. Məsələn, gələcək valideyinlər və onların ailə üzvləri tam genetik müayinədən keçirilirlər. Prenatal diaqnostika yolu ilə informasiya və məsləhətlər verilir. Mərkəz əməkdaşlarının başlıca nailiyyəti yeni ailə quranların genetik pasportunun tərtibidir. Buraya genetik xəstəliklərin olub-olmaması, xəstə uşaq doğula biləcəyi ehtimalı barədə məlumat daxildir.
Mərkəzin həkim-alimləri Tahirə Əsgərova və Gülsurə Hüseynovanın bir sıra inkişaf etmiş ölkələrdə genetik xəstəliklərin müalicəsi təcrübəsi barədə, məruzələri maraqla dinlənilmişdir. Gülsurə Hüseynovanın sözlərinə görə, Ginekologiya və Mamalıq İnstitutuna müraciət edən xəstələrin 42 faizi qohumları ilə ailə qurmuşdur. Görüş iştirakçıları belə bir yekdil rəyə gəldilər ki, bu cür nikahların səviyyəsini aşağı salmaq üçün əhali arasında geniş maarifləndirmə işi aparmalıdırlar.