CƏMİYYƏT
Qripdən qorunmağın ən səmərəli yolu peyvənd olunmaqdır

Bakı, 21 oktyabr, AZƏRTAC
Uzun müddət davam edən isti havadan sonra temperaturun soyuması uşaqlar və böyüklər arasında mövsümi xarakter daşıyan infeksiyaların yayılmasına şərait yaradır. Ona görə də payız və qış aylarında xüsusilə uşaqlar arasında mövsümi qriplər müşahidə olunur. Xəstəliklərin yayılmasına soyuq havalarla yanaşı həm də məktəb və bağçalarda uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olması səbəb olur. Bunun nəticəsində virus infeksiyalarına məktəbyaşlı və məktəbəqədər uşaqlar arasında rast gəlinir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Cahan Cavadova deyib: “Mövsümi qrip influenza virusunun təzahürü kimi özünü göstərir. İnfluenza virusunun bir çox növü var. Bu virus illərlə öz formasını dəyişməklə təzahür edir. Ona görə də qripə tutulmaq ehtimalı qalır. Qripdən qorunmaq üçün ən səmərəli yol ona qarşı peyvənd olunmaqdır. Qrip peyvəndi hər il yenilənir və influenzanın yeni növlərinə tutulmaq ehtimalını aşağı salır”.
Müsahibimiz qeyd edib ki, hava-damcı yolu ilə yayılan qripin qapalı mühitdə yoluxma riski daha da artır. Mövsümi qrip 48-72 saat ərzində özünü göstərir. Xəstəlik asqırma, öskürmə, başağrısı, ağır hallarda isə qızdırma ilə müşahidə olunur. Həkim-terapevt virusa qarşı müalicə yollarını da göstərib: “İnfluenza zamanı həkim tərəfindən yoxlanıldıqdan sonra laborator testlər verilməli, onların nəticəsində müayinə və müalicə taktikası seçilməlidir. Qripdən qorunmaq üçün profilaktik üsullar - əllərin tez-tez yuyulması, ağız və buruna tibbi maskalar taxılmalı, antiseptik məhlullardan istifadə edilməlidir”.
Fəsildən asılı olmayaraq ən böyük sərvət olan sağlamlığın qədrinmi bilmək lazımdır.