Qriqori İvliyev: “Rospatent” və Azərbaycan Əqli Mülkiyyət Agentliyi eyni istiqamətdə hərəkət edir
Moskva, 24 aprel, AZƏRTAC
Rusiya Federal Əqli Mülkiyyət Agentliyi (“Rospatent”) və Azərbaycan Əqli Mülkiyyət Agentliyi Əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar.
Rusiya Federal Əqli Mülkiyyət Agentliyinin rəhbəri Qriqori İvliyev “Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-ın müxbirinə müsahibəsində bu barədə danışıb. Moskvada keçirilən konfransda ölkəmizi Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təmsil edir.
Q.İvliyev qeyd edib ki, konfransda hüquq ilə rəqəmsallaşdırmanın nisbəti, texnologiya və ekspertiza, müəllif hüquqları və sənaye mülkiyyəti hüquqları məsələləri müzakirə edilir. O deyib: “Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov öz çıxışında konfrans iştirakçıları tərəfindən müzakirə olunan mövzuların çoxunu hərtərəfli açıqladı. Buna görə təəccüblü deyil ki, konfrans iştirakçılarının suallarının çoxu ona ünvanlanmışdı. Biz əməkdaşlığımıza çox şadıq. Tezliklə bu əməkdaşlığı idarələrimizin qarşılıqlı fəaliyyətinin müasir məsələlərinə, əqli mülkiyyət məsələlərinə həsr olunmuş Memorandum ilə təsbit edəcəyik. Biz şadıq ki, “Rospatent” və Azərbaycan Əqli Mülkiyyət Agentliyi eyni istiqamətdə hərəkət edir. Biz həmfikirlər və müttəfiqlərik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva