Quba-Qusar batalyonunun şəhid olmuş döyüşçüsü Eldar Əliyarovun xatirəsi yad edilib
Qusar, 5 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 5-də Qarabağ uğrunda döyüşlərdə həlak olmuş Quba-Qusar batalyonunun əsgəri Eldar Əliyarovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anma mərasiminin iştirakçıları Qusardakı Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canından keçən qəhrəman oğulların, həmçinin Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun məzarlarını ziyarət ediblər.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları Eldar Əliyarovun məzarı başına toplaşaraq onun qısa, amma şərəfli ömür yolundan danışıblar.
Mərasimdə bildirilib ki, Quba-Qusar batalyonu ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də xalqa müraciətindən sonra yaradılıb. Batalyonun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Eldar Əliyarov da həmin vaxt bu igidlərin sırasında yer alıb. Amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə tanınıblar. Eldar Əliyarov 1994-cü il yanvarın 31-də Füzuli rayonu ərazisində yerləşən Şişqaya uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Həmin döyüş zamanı bir neçə yüksəklik ermənilərdən azad olunub.
Şəhidin atası Əliyar Əliyarov 24 yaşında Vətən uğrunda canından keçən oğlu ilə fəxr etdiyini bildirib. O qeyd edib ki, indiki yeniyetmələr, gənclər onların haqq yolunu davam etdirməyə hazır olmalıdır.
Tədbirdə çıxış edənlər bildiriblər ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, ötən il şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb.
Veteran döyüşçülər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.
Daha sonra anım mərasimi şəhidin adını daşıyan Qusar rayonu Çiləgir kənd tam orta məktəbində davam etdirilib.