Quba və Lənkərandan 20 qadına proqramlaşdırma üzrə peşəkar təlimlər keçiriləcək
Bakı, 22 noyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində “Coders Azerbaijan” Təhsil Mərkəzi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Qara Dəniz Əməkdaşlıq Fondu (BST) birgə “Coders Caravan” layihəsinə start verib.
İRİA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Quba və Lənkəran şəhərlərindən 18-35 yaş aralığı ümumilikdə 20 gənc xanıma “Full Stack” proqramlaşdırma üzrə peşəkar təlimlər keçiriləcək. Proqramın davam etmə müddəti 7 ay olmaqla tədris onlayn və oflayn formatında hibrid təşkil olunacaq. İki peşəkar təlimçi və dörd mentorun iştirak edəcəyi tədris müddətində iştirakçılar real layihələr üzərində çalışacaq və praktiki təcrübə qazanacaqlar. Eyni zamanda, iştirakçılar həftəsonları müxtəlif seminar və netvörkinq tədbirlərinə qatılaraq müvafiq sahə üzrə bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirəcəklər. Tədrisin sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.
“Technest” Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova sözügedən əməkdaşlıqla bağlı bildirib: “İRİA rəqəmsal savadlılıq sahəsində hazırda bir sıra önəmli layihələrin üzərində çalışır. “Technest” çərçivəsində “Coders Azerbaijan” Təhsil Mərkəzi, USAID və BST ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Ümidvaram ki, “Coders Caravan” layihəsi regionlarda yaşayan xanımlara böyük stimul verməklə onların gələcəkdə İKT mütəxəssisi olaraq əmək bazarında işlə təmin edilmələrinə böyük yol açacaq”.
USAID-in Azərbaycandakı missiyasının Layihələrin İdarəolunması üzrə Mütəxəssisi Emin Məmmədli qeyd edib ki, qadınların iqtisadi səlahiyyətləndirilməsi USAİD təşkilatının əsas prioritetlərindən biridir: “Kişilərin çoxluq təşkil etdiyi bir sahə üzrə qadın mütəxəssislərin hazırlanması məqsədini daşıyan layihəyə dəstək olmaqdan məmnunuq”.
Təlimlərdə iştirak üçün seçilmiş 20 qadının iştirakı ilə Bakıda görüş təşkil olunub, İRİA, “Coders” Təhsil Mərkəzi, USAİD və BST-nin məsul əməkdaşları xanımları təbrik edərək onlara təhsil prosesində uğurlar diləyib və xatirə hədiyyələri təqdim ediblər.