Qubada evə basqın edən naməlum şəxslər 15 min manat pul aparıblar VİDEO
Quba, 2 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Birinci Nügədi kəndində quldurluq hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Hamlet İbrahimova məxsus evə daxil olan bir qrup naməlum şəxs ev sahibini döyərək onun əllərini, ayaqlarını və ağzını bağlayıblar. Sonra həmin şəxslər evdən 15 min manata yaxın pul götürərək oranı tərk ediblər.
Daxil olan məlumat əsasında Quba Rayon Polis Şöbəsində əməliyyat qrupu yaradılıb.
Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.