Qubadlı rayonunun 30 mindən çox sakini öz sağlamlığı haqqında məlumat almışdır
Sumqayıt, 17 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə əhalisinin profilaktik tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Qubadlı Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və fevralın 17-dən vətəndaşların dispanserləşdirilməsinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon Mərkəzi Xəstəxanasında hazırda sakinlərin kompleks müayinəsi uğurla davam etdirilir.
Xəstəxananın baş həkimi Nüsrət Əhmədov bildirmişdir ki, müasir tibbi avadanlıqla təchiz edilmiş səhiyyə ocağında dövlətimizin başçısının tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün lazımi şərait yaradılmışdır.
Qubadlılılar tibbin müxtəlif sahələri, o cümlədən rentgen, ultrasəs, stomatoloq, terapevt, elektrokardioqram və digər müayinələrdən keçir, xəstəliyi aşkar olunanlar qeydiyyata alınaraq ambulator və yaxud stasionar müalicəyə cəlb edilirlər. Baş həkimin sözlərinə görə, indiyədək Qubadlı rayon əhalisinin 30980 nəfəri dövlət hesabına tibbi müayinədən keçmişdir.
Rayon sakini İlyas Süleymanov müayinədən keçəndən sonra demişdir ki, əhalinin böyük ruh yüksəkliyi ilə, mütəşəkkil surətdə tibbi müayinədən keçməsi işin yaxşı səviyyədə təşkilindən xəbər verir. O, qubadlılıların dövlətimizin başçısının bu humanist təşəbbüsünü razılıqla qarşıladıqlarını vurğulamışdır. Qeyd etmişdir ki, hər gün sakinlərimiz tibb ocaqlarına üz tutur və öz sağlamlıqları barədə məlumat əldə edirlər, həkimlər də bizi həssaslıqla dinləyir və öz məsləhətlərini verirlər. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.