Qubadlı sakinləri əmindirlər: Torpaqlarımız işğaldan azad ediləcək və şəhidlərimizin ruhu rahatlıq tapacaqdır
Sumqayıt, 25 fevral (AZƏRTAC, Ətrabə Rzayeva). Fevralın 25-də Qubadlı rayonu İşıqlı kənd tam orta məktəbdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun idarə, müəssisə və
təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Xocalı soyqırımının əks olunduğu sərgiyə baxış keçirilmişdir. Anım mərasimimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev bildirmişdir ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutmuşlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərində törətdiyi soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. Həmin vandalizm aktı nəticəsində qətlə yetirilən 613 azərbaycanlıdan 106-sı qadın, 63-ü uşaq idi. 1275 nəfər əsir və girov götürülmüşdür ki, onlardan 150 nəfərinin (o cümlədən 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyildir.
Soyqırımın canlı şahidi, Xocalı şəhər sakini Aydın Əliyev bu dəhşətli hadisələri bir daha xatırladaraq, erməni təcavüzkarlarının vəhşiliklərini iştirakçıların diqqətinə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Hər il fevral ayının 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad edir.
Tədbirdə belə bir əminlik ifadə edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır. Vurğulanmışdır ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Dövlətimizin siyasəti, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti nəticəsində bir sıra uğurlu nəticələr əldə edilmişdir.
Daha sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş etdirilmiş, şagirdlərinin ifasında səhnəciklər göstərilmiş, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənmişdir.