Qubanın Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərindəki körpünü sel uçurub
Bakı, 11 may, AZƏRTAC
Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərindəki körpünü sel uçurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri gəlib. Dağılan körpü 2017-ci ildə kənd sakinləri tərəfindən uzunluğu 12, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü çöküb.
Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.