Qulam Marxulia: Xocalı təkcə Azərbaycanın deyil, gürcü xalqının da faciəsidir
Tbilisi, 25 fevral (AZƏRTAC). Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra muzeyin direktoru Leyla Əliyeva XX əsrin ən dəhşətli soyqırımı barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Xocalı soyqırımından bəhs edən film, fotosərgi nümayiş etdirilmiş, Azərbaycan Respublikası Ombudsmanının Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanatı (Azərbaycan, gürcü və ingilis dillərində) iştirakçılara paylanılmışdır.
Tibb elmləri doktoru, professor Vladimir Askurava AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, azərbaycanlılar rəhmli, gözəl xalqdır. Bu xalq öz işini gözəl bilir və hamıya mərhəmətlidir. Məhz bu keyfiyyətlərinə görə də Azərbaycan dünyanın ən gözəl nemətlərinə malikdir.
Alim azərbaycanlıların soyqırımına məruz qalmalarından kədərləndiyini bildirmiş, belə faciələrin bir daha təkrar olunmamasını arzulamışdır.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev demişdir ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin faciəsidir. Əminəm ki, bu hadisəyə hüquqi, siyasi qiymət veriləcəkdir. “Xocalıya ədalət!” Beynəlxalq məlumatlandırma və təbliğat kampaniyasının bütün dünyada, o cümlədən Gürcüstanda geniş vüsət alması bunu deməyə əsas verir. Artıq Gürcüstanda Xocalı soyqırımına həsr olunmuş tədbirlər standart təbliğat çərçivəsindən çıxmışdır. Belə mərasimlərdə gürcü ictimaiyyəti geniş tərkibdə təmsil olunur, ətraflı məlumatlandırılır. Gürcüstan dövləti Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Azərbaycana səfəri zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili də bunu bir daha bəyan etmişdir.
Mahir Dərziyev diqqətə çatdırmışdır ki, soyqırımı qurbanlarının ruhları qarşısında borcluyuq və dünya ictimaiyyəti bu faciə barədə tam məlumata malik olmayınca, şəhid qanının qisası alınmayınca, soyqırımının səbəbkarları cəzalandırılmayınca heç bir azərbaycanlının dinc yaşamağa mənəvi haqqı yoxdur!
Tarix elmləri doktoru, professor Quram Marxulia Xocalı faciəsinin təkcə Azərbaycan xalqının deyil, həm də gürcü xalqının faciəsi olduğunu qeyd etmişdir. Professor ermənilərin Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq iddialarından və bu iyrənc niyyətlərinə çatmaq məqsədilə uzun illər ərzində Azərbaycan xalqına qarşı soyqırımı aktları törətmələrindən ətraflı söhbət açmışdır. O demişdir ki, ermənilər Azərbaycan ilə yanaşı, Türkiyə və Gürcüstana qarşı da ərazi iddialarından əl çəkmirlər. Xocalı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildir. Belə faciələr dəfələrlə baş vermişdir.
Qulam Marxulia bu vəhşiliklərin təkrar olunmaması üçün bütün səyləri birləşdirməyin vacibliyini vurğulamışdır. O, Xocalı soyqırımını törədənlərin hazırda Ermənistan dövlətinə başçılıq etdiklərindən təəssüfləndiyini bildirmiş, bu vəhşiliyə dünya ictimaiyyəti sussa belə, tarixin susmayacağını bildirmişdir.
Gürcüstan parlamentinin deputatı, akademik Demur Başaleişvili Xocalı soyqırımının hamının kədəri olduğunu vurğulamış, şərəfli tarixi keçmişi olan Azərbaycan xalqının bu sınaqdan da uğurla çıxacağına, haqq-ədalətin qalib gələcəyinə və gürcü xalqının da bu sevincə şərik olacağına əmin olduğunu bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi