“QURBAN ABASOV” KRAN GƏMİSİ MODERNLƏŞDİRİLİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, dünyada kran-montaj tipli 4 gəmidən biri olan “Qurban Abasov” gəmisinin modernləşməsinə başlanmışdır.
Əsl dəniz nəhəngi olan bu gəminin uzunluğu 149, eni 54, qaldırıcı kranın hündürlüyü 38 metr, yükqaldırma qabiliyyəti 600 tondur.
Katamaran tipli bu unikal gəmi Finlandiyanın Turku şəhərində inşa edilmiş, 1986-cı ildə “Titan-4” adı altında Xəzər dənizinə gətirilmişdir. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “Titan-4” gəmisinə əfsanəvi neftçi, Sosialist Əməyi Qəhrəmanı Qurban Abasovun adı verilmişdir.
İstər “Qurban Abasov”, istərsə də həmin tipli “General Əliağa Şıxlinski” gəmiləri “Günəşli” və digər neft və qaz-kondensat yataqlarındakı dərinsulu platformaların, boru kəmərlərinin, eləcə də başqa dəniz obyektlərinin tikintisində iştirak etmişdir.
Dövlət Neft Şirkəti “Qurban Abasov” gəmisinin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alıb, gəminin müasir texniki standartlara, Beynəlxalq Dəniz Konvensiyasının tələblərinə cavab verən güc və idarəetmə mexanizmləri, son radionaviqasiya cihazları, digər modern avadanlıqla təchiz edilməsi məqsədi ilə Böyük Britaniyanın “Caspian Marine Servises (UK) ltd.” şirkəti ilə alyans müqaviləsi imzalamışdır. Təmir işlərinə ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının mütəxəssisləri, həmçinin İngiltərə, Almaniya, Norveç və Finlandiyanın tanınmış gəmiqayırma korporasiyaları və layihə şirkətətləri cəlb olunmuşdur. Məqsəd - gəminin idarəetmə sisteminin modernləşdirilməsi, hərəkətverici qurğuların, lövbər bucurqadlarının və kran mexanizmlərinin sabit cərəyanlı elektrik mühərriklərinin dəyişən cərəyanlı mühərriklərlə əvəz edilməsindən ibarətdir. Hazırda İngiltərənin “Rolss-Roys” şirkəti gəminin 3 yeni baş mühərrikinin quraşdırılmasını və kabel çəkilişini həyata keçirir. Bundan başqa, gəminin elektrik stansiyasının gücü üç dəfə artırılacaqdır. Gəmidə müasir qızdırıcı sistem, hava təmizləyici və kondinsioner sistemi quraşdırılacaqdır.
Təmir işlərinin 2009-cu ildə başa çatdırılması planlaşdırılır. Bu işlər yekunlaşandan sonra kran özünün əsas iş yerinə - “Günəşli” yatağına dönəcək. “Qurban Abasov” gəmisindən sonra 600 tonluq “General Əliağa Şıxlinski” kran-gəmisi əsaslı təmirə saxlanılacaqdır.