Qurban Qurbanov futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, gündəlikdəki ilk məsələ futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.
Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq. Q.Qurbanov, eyni zamanda, “Qarabağ” klubunun baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.
Tədbirdə, həmçinin AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunub.
Sonra AFFA-nın baş katibi Elxan Məmmədov “Avro-2020”nin final mərhələsinə vəsiqə uğrunda milli komandaların keçməli olduğu yol, Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko isə AFFA-nın nəzdində Reabilitasiya Mərkəzi barədə təqdimatla çıxış ediblər.