Qusarda psixi problemləri olan iki nəfər itkin düşüb
Qusar, 6 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusarda itkin düşmüş iki nəfərin axtarışları davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar rayonunun Lanqi kənd sakini, 53 yaşlı Bəşirova Lalə Ağamirzə qızı 2018-ci il avqustun 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
İtkin düşən digər şəxs isə rayonunun Caqar kənd sakini, 62 yaşlı Ərzimanov Nəriman Ərziman oğludur. N.Ərzimanov sonuncu dəfə 2019-cu il iyunun 17-də Qusar Rayon Mərkəzi Xəstəxanasının həyətində olub və bundan sonra naməlum istiqamətə gedərək itkin düşüb.
Hər iki şəxs psixi problemlərdən əziyyət çəkir. İnsanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli olmayan bu şəxslər Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilirlər.
Həmin şəxsləri tanıyanlardan və barələrində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.