Qusarın Urva kəndinə yeni texniki su xətti çəkilib
Qusar, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Urva kəndində icra olunan “Texniki su təminatının yaxşılaşdırılması” layihəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Azərbaycan Hökumətinin dəstəyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyəsi, yerli bələdiyyə və icma üzvlərinin köməyi ilə yerinə yetirilib. Bu layihənin icrasından Urva kəndində 200 ailənin min nəfərdən çox üzvü faydalanacaq.
Layihənin icrasının başa çatması münasibətilə Urva kəndində keçirilən mərasimdə ölkəmizdə, eləcə də rayonda həyata keçirilən quruculuq işlərindən, yeni infrastruktur layihələrindən danışılıb. Diqqətə çatdırılıb ki, müxtəlif təşkilatların və yerli icmaların birgə tərəfdaşlığı çərçivəsində indiyədək rayonda sosial obyektlərin tikintisi, təmiri, yol infrastrukturu ilə bağlı müxtəlif layihələr həyata keçirilib.
Çıxışlardan sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.
Qeyd edək ki, layihə çərçivəsində 4 min 800 metr uzunluğunda müxtəlif diametrli borularla yeni su xətləri çəkilib. Kənddə 190 evə su xətti çıxışları verilib və kənd ərazisində bulaq inşa edilərək istifadəyə verilib.
Urva kəndi Qusar rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir.