QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da Bakı şəhərində “Təzə bazar” MMC-nin, 6 nömrəli ticarət mərkəzinin, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada alıcılara İmişli, Hacıqabul, Xızı, Giləzi və digər rayonların quşçuluq müəssisələrinin məhsulları - toyuq əti və yumurta təklif olunurdu.
Hər həftə yarmarkaya məhsul gətirən İmişli broyler fabrikinin işçisi Faiq Əhmədov toyuq ətinin kiloqramını növlərinə görə 2 manat 20 qəpiyə, 2 manat 50 qəpiyə, 2 manat 60 qəpiyə, içalatı isə 2 manata, Mərdəkan broyler fabrikindən Faiq Əzizov toyuq ətini 2 man 50 qəpiyə, 2 manat 60 qəpiyə, içalatı 2 manata verirdilər. Goradil broyler fabrikinin nümayəndəsi Rahib İgidov satışa çıxardığı 5 min 400 ədəd yumurtanı növlərinə və həcminə görə birini 8-10 qəpiyə verirdi. Səhər tezdən başlayaraq artıq onun 3 min ədədini satıb qurtarmışdı. Giləzi quşçuluq fabriki və şirkətindən İlqar Nağdəliyev, Vüqar Əliyev, Sabir Qarayev yumurtanın birini 9-10 qəpiyə satırdılar.
Alıcılar quş ətinin və yumurtanın bazar qiymətlərindən ucuz olduğunu razılıqla qeyd edirdilər.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 20 tondan çox toyuq əti və 500 min ədəd yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.