Quşların müşahidəsi turizminin inkişafına diqqət artırılır
Lənkəran, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Qızılağac Milli Parkında 2 fevral - Ümumdünya Su-Bataqlıq Günü ilə əlaqədar IDEA İctimai Birliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli parkda köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı ilə əlaqədar təşkil olunan elmi seminardan sonra iştirakçılar Qızılağac Milli Parkındakı “Turac” və “Bala dəniz” marşrutlarında quşları müşahidə edib, parkda yaradılmış “Turizm İnformasiya Mərkəzi” ilə tanış olublar.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə "Quşlarımızı qoruyaq" devizi altında təşkil olunan tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, quşların müşahidəsi turizminə diqqətin çəkilməsi və bu canlıların qorunmasının vacibliyini aşılamaqdır.
Qeyd edək ki, su-bataqlıq quşlarının kütləvi surətdə çoxaldığı və ayrı-ayrı mövsümlərdə toplaşdıqları yer kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri barədə Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il mayın 25-dən Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.
Azərbaycanda ümumi sahəsi 200 min hektardan çox olan su-bataqlıq ərazisi mövcuddur. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş toplanır.