RABİTƏ NAZİRLİYİNDƏ GÜRCÜSTANLI SOYDAŞLARIMIZLA GÖRÜŞ
Fevralın 21-də rabitə naziri Nadir Əhmədov Gürcüstan Azərbaycanlılarının “Yeni yol” Birləşmiş İttifaqının sədri Kamal Muradxanlı, qurumun “Yeni yol” qəzetinin baş redaktoru Əlixan Binnətoğlu, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət, İncəsənət və Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu ilə görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a demişlər ki, Nadir Əhmədov dövlət başçılarının müdrik siyasəti sayəsində xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini vurğulamış, son illər Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstanın azərbaycanlılar yaşayan məntəqələrində rabitə xidməti ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Bolnisi rayonunun Faxralı, Kəpənəkçi, Dmanisi rayonunun Hamamlı kəndlərində quraşdırılmış, ötürücülər Azərbaycan televiziyasının birinci proqramının verilişlərini maneəsiz qəbul etməyə imkan verir. Hazırda həmin iş Marneuli rayonunun Qaçağan kəndində də ötürücü quraşdırılır. Bu iş başa çatdıqdan sonra Qaçağan, Təkəli, Ağammədli, Qasımlı, Quşçu və digər kəndlərin sakinləri də həmin verilişlərə baxa biləcəklər.
Kamal Muradxanlı soydaşlarının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qayğısını daim hiss etdiklərini xüsusi vurğulamışdır. O, soydaşlarımızın yaşadıqları məntəqələrdə görülmüş işlər üçün nazirə minnətdarlığını bildirmiş, eyni zamanda Qardabani rayonundakı Ağtəhlə, Qaratəhlə, Qaracalar kəndləri sakinlərinin xahişini də çatdırmışdır. Onlar Azərbaycan televiziyası verilişlərinin bu bölgədə də keyfiyyətli yayımlanması üçün şərait yaradılmasını xahiş etmişlər.
Nazir qonaqları əmin etmişdir ki, ilin sonunadək həmin kəndlərin sakinləri arzularına çatacaqlar. Ümumiyyətlə, Azərbaycanın rabitə işçiləri qonşu ölkədə yaşayan soydaşlarına həmişə kömək göstərməyə hazırdırılar.