Rabitə və informasiya texnologiyaları sahəsinin “ən peşəkarları” məlum olacaqdır
Bakı, 15 noyabr (AZƏRTAC). Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı müsabiqə-yarış keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müsabiqədə ən yaxşı “optik kabel calayıcısı”, “xətt qurğuları mantyoru”, “poçtalyon” və “əməliyyatçı” adını qazanmaq üçün iştirakçılar öz bilik və bacarıqlarını sınamışlar.
Yarışın açılışında Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində əldə olunan uğurlardan danışaraq qeyd etmişdir ki, işçilər arasında peşəkarların müəyyənləşdirilməsi, rəqabətin gücləndirilməsi ümumi işə müsbət təsir edir.
İştirakçılara uğurlar arzulayan nazir müavini demişdir ki, bu il müsabiqənin şərtlərinə əlavələr edilmiş və ilk dəfə olaraq “proqramçı” və “şəbəkə inzibatçısı” peşələri üzrə də yarış keçirilmişdir. Artıq ən peşəkar “proqramçı” və “şəbəkə inzibatçısı” müəyyən olunmuşdur.
Yarışlar 2 mərhələdə keçirilir. Birinci mərhələdə iştirakçılar test sualları əsasında öz biliklərini göstərirlər. İkinci mərhələdə isə praktiki suallar əsasında görülən işin nəticəsi, onun keyfiyyəti qiymətləndirilir. Ümumi yekun bal çıxarmaqla ümumrespublika üzrə ən yaxşı peşəkar rabitəçilər arasında I, II, III yerlər müəyyənləşdiriləcəkdir. Bir qayda olaraq I yerə layiq görülənlərə “rabitə ustası” fəxri adı və 1000 manat pul mükafatı veriləcək, II və III yerin sahiblərinə isə müvafiq olaraq 800 - 500 manat pul mükafatı təqdim ediləcəkdir. Yarışların keçirilməsi ilə əlaqədar peşəkar kadrlardan ibarət münsiflər heyəti yaradılmışdır. Münsiflər heyətinin üzvləri də istər test suallarının hazırlanmasında, istərsə də praktik tapşırıqların seçimində iştirak edirlər.