Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Nardaran Bilik Evi”nə kompyuter dəstləri təqdim edib
Bakı, 21 aprel, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində Nardaran qəsəbəsinin gənclərinin maariflənməsi, ixtisaslaşması, qlobal məkana inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə bacarıqlarının inkişaf etdirilməsinə dəstək məqsədilə "Nardaran Bilik Evi"nə müasir kompyuter dəstləri təqdim edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təqdim edilən kompyuter dəstləri məktəb şagirdlərinin, müəllim heyətinin və müxtəlif yaş qrupları üzrə sakinlərin bilik və bacarıqlarının formalaşmasına, təkmilləşməsinə və ölkədə formalaşan "elektron hökumət" həllərində yaxından iştirakına öz töhfəsini verəcək.
Qeyd edək ki, Bilik Fondu Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin peşə hazırlığının yüksəldilməsi, maraq dairələrinin genişləndirilməsi, məşğulluğuna dəstək göstərilməsi məqsədilə ödənişsiz əsaslarla informasiya-kommunikasiya texnologiyaları, kompyuter, rus, ingilis və Azərbaycan dilləri üzrə hazırlıq kurslarının fəaliyyət göstərdiyi bilik evləri yaradır. RYTN bu layihə çərçivəsində Bilik Fondu ilə sıx əməkdaşlıq edir.