Raca Almarzoqi : Yaxın dövrdə Azərbaycanın İqtisadi perspektivləri bütövlükdə əlverişlidir
Bakı, 15 noyabr (AZƏRTAC). Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası son iqtisadi prosesləri qiymətləndirmək və 2014-cü ilin mart ayına planlaşdırılan növbəti IV maddə üzrə məsləhətləşmələr missiyasına hazırlıq məqsədi ilə noyabrın 8-dən 15-dək Bakıda səfərdə olmuşdur. BVF-in əməkdaşları yüksək vəzifəli dövlət rəsmiləri, habelə özəl sektor və diplomatik dairələrin nümayəndələri ilə müzakirələr aparmışlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan üzrə missiyanın rəhbəri Raca Almarzoqi noyabrın 15-də Bakıda səfərin yekununa dair mətbuat konfransı keçirmişdir.
R.Almarzoqi bildirmişdir ki, yaxın dövrdə Azərbaycanın iqtisadi perspektivləri bütövlükdə əlverişlidir. 2013-2014-cü illərdə ümumi daxili məhsulun artım tempi 5 faiz proqnozlaşdırılır. Qeyri-neft büdcə kəsirində planlaşdırılan azalma özəl sektorun fəaliyyəti üçün yer açacaqdır. Missiya dövlət xərclərinin səmərəliliyinin artırılması və sığorta-pensiya sistemində islahatların aparılması istiqamətində göstərilən səyləri dəstəkləyir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Mərkəzi Bankı faiz dərəcələrinin ötürülməsi mexanizmi və bank nəzarətinin gücləndirilməsi, habelə istehlak kreditlərinin yüksək artım tempi ilə əlaqədar gördüyü tədbirləri davam etdirməlidir. Yaxın müddətli prioritetlərə bank aktivlərinin təsnifatı və təminat qaydalarının gücləndirilməsi və yeni makro-prudensial tədbirlərin görülməsi daxildir. Biznes mühitinin daha da yaxşılaşdırılması yeni bazarlara çıxmağa kömək edəcəkdir. Bunun üçün bütövlükdə idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində iş aparılmalıdır.
Daha sonra Raca Almarzoqi jurnalistlərin suallarını cavablandırmışdır.