Ramil Ağayev: Abidələrdəki yazılara əsasən xalqın etnik kimliyini müəyyən etmək olmaz
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan ərazisində, xüsusilə Qarabağ və Naxçıvanda yerləşən xristian abidələrinin tarixi mənsubiyyətinin müəyyənləşdirilməsində yazı və əlifba məsələsinin rolu AMEA-da keçirilən konfransda müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena–Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ramil Ağayev bu məsələ ilə bağlı çıxış edib. O bildirib ki, yalnız abidələr üzərindəki yazılara və istifadə olunan əlifbaya əsaslanaraq hər hansı xalqın etnik kimliyini müəyyən etmək mümkün deyil.
Alim qeyd edib ki, 705-ci ildə Albaniya dövlətinin mövcudluğuna son qoyulduqdan sonra Azərbaycan əhalisinin böyük hissəsi İslam dinini qəbul edib və ərəb əlifbasından, ərəb dilindən istifadə etməyə başlayıb. Əhalinin müəyyən hissəsi isə əsasən Uti vilayətinə, daha sonra Qarabağ istiqamətinə çəkilərək burada kiçik knyazlıqlar yaradıb və xristian dinini qoruyub saxlayıb.
O bildirib ki, orta əsrlərdə həmin ərazilərdə yaşayan xristian əhali həm gürcülərlə, həm də ermənilərlə əlaqələr saxlayıb və müəyyən hallarda erməni əlifbasından istifadə edib.
R.Ağayev vurğulayıb ki, erməni əlifbasından istifadə edilməsi albanlarla ermənilərin eyni xalq olması anlamına gəlmir.
Alim Azərbaycan ərazisindəki, xüsusilə Qarabağ və Naxçıvandakı xristian abidələrinin tarixi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsi zamanı yazılı mənbələrlə yanaşı, digər tarixi, arxeoloji və mədəni faktların da kompleks şəkildə nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.