RAMİL HƏSƏNOVUN ÇIXIŞI
O, Təşəbbüs Qrupunun üzvlərini təqdim etdi, bu hərəkatın yaranma səbəbi, məqsədi, məramı barədə danışdı və bildirdi ki, Azərbaycanda seçkilərin vaxtı elan olunduğu gündən belə qərarlaşdırmışıq ki, dövlətimizin inkişafı, gələcəyi, gənclərin sabahı naminə prezident Heydər Əliyevə səs vermək hamımızın amalıdır. Çünki Heydər Əliyevə səs vermək Azərbaycan gəncliyinə, ölkəmizin gələcəyinə səs vermək deməkdir. Biz bu amalda bərabərik və həmrəyik.
Bilirsiniz ki, Azərbaycan demokratik inkişaf yolu ilə gedir. Ölkəmizdə demokratik seçki sistemi mövcuddur. Möhtərəm Heydər Əliyevin Azərbaycanda yaratdığı demokratik təsisatlar sayəsində demokratik seçki sistemi mövcuddur. Əminik ki, bizim dəstək verdiyimiz cənab Heydər Əliyev xalqın səsini qazanaraq qalib gələcəkdir. Biz buna əminik və buna görə də bu hərəkatı yaradırıq.
Gənclərin inkişafının sağlam istiqamətdə olduğunu vurğulayan, bu vacib və nəcib tədbirdə iştirak edənlərə dərin təşəkkürünü bildirən natiq söylədi ki, Azərbaycanda tanınmış, dünya miqyasında ölkəmizin adını, şərəfini, dövlət bayrağımızı ucaldan və himnini səsləndirən gənclərin çoxluğu buna əyani sübutdur. Bütün bu uğurlar cənab Heydər Əliyevin biz gənclərə göstərdiyi diqqət və qayğının nəticəsində qazanılmışdır. Demokratiyanın inkişafı ölkəmizin ictimai-siyasi həyatında gənclərimizin çox fəal surətdə iştirakını tələb edir. Bu mənada biz qarşıdan gələn prezident seçkilərində gənclərin fəal iştirakına nail olmaq istəyirik. Çünki hər bir seçicinin səsi Azərbaycan dövləti üçün çox önəmlidir. Düşünürəm ki, biz birlikdə bu sahədə çox uğurlu addımlar atacağıq.
Bizim əsas vəzifələrimizdən biri də Azərbaycan vətəndaşlarının seçki ilə bağlı maarifləndirilməsi istiqamətində işlərin aparılmasıdır. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu işin öhdəsindən gəlinəcəkdir. Azərbaycanın demokratik imicini qorumaq üçün əlimizdən gələni edəcəyik. Bu işdə şəxsi maraqlar olmamalıdır. Əminəm ki, biz bir məqsəd uğrunda fəaliyyət göstərəcəyik. Çünki sizin burada olmağınız bütün Azərbaycan gəncliyi üçün qürurverici və şərəfli bir haldır.
Sonra Ramil Həsənov konfransın işi proqramını və reqlamentini elan etdi. Dedi ki, Azərbaycan dövlətinin qurucusu, türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, xalqımızın əvəzolunmaz lideri Heydər Əliyevin ən mütəşəkkil təbliğatçısı Azərbaycan gəncliyidir. Bu gəncliyin gələcəkdə lider görmək istədiyi şəxsiyyət isə cənab İlham Əliyevdir. Onun dediyi kimi, biz seçkilərə hazırlıq prosesində və seçkilərdə fəal iştirak etməklə cənab Heydər Əliyevin növbəti dəfə xalqımız tərəfindən prezident seçilməsinə nail olmalıyıq. Sizin hamınıza bu yolda uğurlar diləyirəm. Hesab edirəm ki, hərəkatımıza “GƏNCLİYİN SEÇİMİ - HEYDƏR ƏLİYEV” adını çox düzgün seçmişik.