Ramil Niftəliyev: Qərbi Azərbaycan ərazisində xristian irsinin mənimsənilməsi halları araşdırılmalıdır
Bakı, 22 sentyabr, AZƏRTAC
AMEA-da keçirilən konfransda Qafqaz Albaniyasının və Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, eləcə də Qərbi Azərbaycan ərazisindəki xristian abidələrinin tədqiqi məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev mövzunun həm elm aləmində, həm də kütləvi informasiya vasitələrində dəfələrlə müzakirə olunduğunu bildirib. O qeyd edib ki, məsələnin daha geniş şəkildə elmi araşdırılması və tədqiqat nəticələrinin düzgün formada təbliğ olunması vacibdir. Erməni tədqiqatçıları da Azərbaycan alimlərinin araşdırmalarını izləyir və onların əsərlərinə istinad edirlər. Bu hal həm sovet dövründə, həm də müasir dövrdə müşahidə olunub.
Alim Qarabağla yanaşı, Qərbi Azərbaycan ərazisində yerləşən xristian irsinin də tədqiqinin vacibliyini vurğulayıb. İrəvanda yerləşən Surp Sarkis kilsəsi barədə danışan R.Niftəliyev bildirib ki, kilsənin üzərində 1842-ci il bərpa tarixi qeyd olunur. Onun sözlərinə görə, kilsənin daha qədim tarixə malik olması barədə rəvayətlər mövcuddur. Belə məsələlərin elmi mənbələr əsasında araşdırılması və tarixi faktların dəqiqləşdirilməsi zəruridir.
R.Niftəliyev vurğulayıb ki, Tarix və Etnologiya İnstitutu qarşıda bu istiqamətdə yeni tədqiqatların aparılmasını, mövcud materialların sistemləşdirilməsini və mövzunun elmi əsaslarla araşdırılmasını vacib hesab edir.